Neft və qaz sənayesindəki peşələr - Dərs Evi müəllimlərinin fikri.

Hamımız birtəhər oxuyaq deyə,

Hər şeyi yarımçıq öyrənmişik biz.

A.S. Puşkin

Malayziyanın sıravi bir gəncindən gələcəkdə kim olmaq istədiyini soruşsanız, çox güman ki, cavabında "neft-qaz sektoru", "ən yaxşısı isə Petronas-da işləmək" cavabını eşidəcəksiniz. Norveçdə də eynilə "neft" və ya "treska". Bəs bizim ölkədə bu suala hansı cavab verilir?

Niyə bu sahə?

İlk növbədə Azərbaycanda məktəbli-abituriyentin seçiminin nəyə əsaslandığını nəzərdən keçirək, onun seçiminə hansı amillər təsir edir? Birinci amil ölkəmizin iqtisadiyyatı və ümumilikdə neft sənayesi ənənələridir.

İkinci amil şübhəsiz ki, ailə, valideynlər və ətrafdakılardır. Neft-qaz sektoru bu yaxınlara qədər, bəlkə də, ən geniş yayılmış təhsil sahəsi idi. Düzdür, hazırda bu sahədə təhsil almaq istəyənlərin sayında nəzərə çarpacaq dərəcədə azalma müşahidə edilir. İlbəil daha çox gənc tələbin yüksək olduğu kompüter texnologiyaları, İT, kompüter mühəndisliyinə üstünlük verir. İndi neft-qaz mühəndisliyi və ona yaxın ixtisaslar ölkədə ən arzuolunan təhsil istiqaməti olması uğrunda menecment, kompüter elmləri, İT ilə çox sıx rəqabətdədir. Əslində, həm keçmişdə, həm də indi neft və qaz sahəsi üzrə mühəndislik, oxşar ixtisaslara qəbul edilənlərin çox az bir hissəsi hara getdiyini anlayırdı.

Üçüncü amil - nüfuz və gəlirdir. Bu sektorda əməkdaşların gəliri digər sahələrdə çalışanlarla müqayisədə bir neçə dəfə çox ola bilər. Əlbəttə ki, nüfuz təhsilin özünə də aiddir: beynəlxalq və təcrübə proqramları, bir neçə diplom proqramları, yaxşı təhsil şəraiti, müxtəlif şirkətlərdə təcrübə keçmək imkanı.

Abituriyent neft-qaz sahəsində ixtisas və ya universitet seçərkən hansı problemlərlə üzləşə bilər?

Bəzən fakültənin adı tələbənin nə ilə məşğul olacağını anlamaq üçün tam kifayət etmir. Buna görə də bir çox hallarda tələbələr qəbul olduqdan sonra hansı ixtisası öyrənəcəklərini və sonda nə işlə məşğul olacaqlarını postfaktum anlayırdılar. Buna görə də ixtisas seçərkən kifayət qədər məlumat toplamaq çox vacibdir.

Neft və qaz ixtisasları üzrə təhsil almış abituriyentlərin yalnız 20%-i ixtisası üzrə işləyir; və onların əksəriyyəti ARDNŞ-nın Ali Neft Məktəbinin məzunlarıdır. Onlar həqiqətən də bu işlə məşğul olmaq istədikləri üçün deyil, "neçə il oxuduq və indi başqa neyləyə bilərik" səbəbi ilə bu seçimi edirlər.

Əlbəttə ki, bu hamıya aid deyil. Elə insanlar var ki, öz ixtisasından həqiqətən də zövq alır. Gənclər üçüncü amilin arxasıyca qaçmayıb, mövcud ixtisaslar, məzun olduqdan sonra nə ilə məşğul olacaqları barədə məlumat əldə etsə peşəsindən zövq alan insanların sayı da daha çox ola bilərdi.

Nəticə və qərarı hər zaman özünüz qəbul edin. Şəxsən bizim, bu məqalənin müəlliflərinin qarşısında əvvəllər bu sual dayanmırdı. Çünki kimya, fizika və riyaziyyatı sevməmizə baxmayaraq, neft ilə əlaqədar olan heç nə bizim, həmçinin bəzi həmyaşıdlarımız üçün yuxarıda göstərilən səbəblərdən maraqlı deyildi. Lakin indi düşünürük ki, kimsə bizə bu ixtisaslar və universitetə qəbul prosesinin incəlikləri haqqında danışsaydı, hər şey daha maraqlı ola bilərdi. Sən demə, neft-qaz sahəsində çoxsaylı ixtisaslar var. Təkcə kimya, neft və ya qaz mühəndisi deyil, həm də geologiya, feofizika, həmin adı çəkilən “petroleum and reservoir engineering”, kimya mühəndisliyi kimi olduqca maraqlı ixtisaslar da var.

Nəticə: Ölkəmizdə savadlı, gənc və perspektivli abituriyent üçün bu sahədə təhsil almağa dəyər. Bu sahə hələ uzun müddət ayaqları üstündə möhkəm dayanacaq, çünki bu bizim ənənəvi və tarixi sənaye sahəmizdir. Lakin abituriyentin hansı seçimləri olduğunu, o cümlədən gələcək təhsilin, peşənin müsbət və mənfi tərəflərini anlayaraq bu sahəyə getmək lazımdır. Unutmayın ki, bizə təhsilin verilməsi bizim onu almağımız demək deyil – hər şey özümüzdən asılıdır!

Sizin üçün maraqlı ola bilər