Universitet təhsilinə başlamazdan öncə yiyələnməli olduğumuz 10 uğur ətirli bacarıq

Universitet təhsilinə başlamazdan öncə yiyələnməli olduğumuz 10 uğur ətirli bacarıq

4 Aprel 2020

Kəmalə Ömərova

Bu bloqu yazmağa başlamazdan öncə onun daha maraqlı və oxunaqlı olması üçün günlərdir ki, həm mövzusu, həm də mətni barədə gecə-gündüz düşünürdüm. Tələbələrin növbəti ən yaxın imtahanlarına hazırlaşdıqları kimi, dayanmadan, yüksək qiymət almaq istəyilə həm də. Bununla belə, fikirlərim arasında qalib çıxmasını və çapa verilməsini istədiyimi heç cür tapa bilmirdim. Daim beynimdə yalnız bir -şagirdlərə faydalı olmaq- məqsədinə yönəlmiş fərqli, bir-birilə yarışa biləcək mövzu və müqayisələr dolanırdı, çiçək və torpaq ətirli bir yaz günündə radio dalğasında şən, şıltaq, həzin mahnıların bir-birini əvəzlədiyi kimi. Mahnı, tərifi nədir deyə baxsanız “musiqi ilə müşayiət olunan mətn” olacaq cavabınız. Bəs musiqi nədir onda? Səsli bədii obrazları gerçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir musiqi. Müxtəlif sözlər və dillər üstündə bəstələnsə də, bir şeyi əminliklə deyə bilərik ki, musiqinin dili yoxdur. Musiqi dili vardır əvəzində. Həyatımız boyu qazandığımız və qazanmaqda olduğumuz bacarıqlar kimi. Bacarıq nədir o zaman? Müvafiq müddət, enerji və ya onların hər ikisi çərçivəsində müəyyən olunan nəticələr əsasında ustalıqla yerinə yetirilən vərdiş. Bir sözlə desək, məharət. Bacarığın da dili yoxdur musiqi kimi, bacarıq dili vardır əvəzində. Həyatımız boyu bizimlə birgə yüksəlir və yüksəldir, bu dil. Körpəlikdə dediyimiz ilk söz, attığımız ilk addım, tutduğumuz ilk qaşığın bir anda cəmlənib bizimlə böyüməsi və bu ilklərin zaman keçdikcə cümlələrə, qaçışlara, qələmlərə çevrilməsi kimi. Onlar bizə, eləcə də bizi qazandırır. Artıq 11 ildir ki, qələminiz saysız sözlər, rəqəmlər, düstur və formulalar yazırsa, demək ki, məktəbə gedən yolunuzun dili artıq tutulmaq üzrədir. Sizə qazandıran 11 illik bu yol, sizinlə sağollaşaraq sizi cəmiyyətə qazandırmaq üçün öz istiqamətini universitet yoluna doğru dəyişməkdədir. Bir çoxlarınız bu yazının çapından çox deyil, sadəcə 3 ay sonra tələbə olaraq danışacaqsınız öz bacarıq diliniz ilə.

Bəs siz necə bu universitet yoluna hazırsınızmı? Nəhayət ki, öz qərarlarınızı qismən də olsa özünüzün verəcəyi, dərslərinizi özünüzün seçəcəyi, nə yediyinizə özünüzün qərar verə biləcəyi və yaşanmadan izah edilməz olan yepyeni bir etap yaşayacaqsınız tezliklə.Yorğunluqdan zəngli saatınızı qurmağı unudacağınız, bəzən də sinif otağında yuxuya gedəcəyiniz universitet illəri. Bu yolun başlanğıcında bir sıra dəyərli bacarıqlar var ki, sizin universitet təcrübənizi dramatik şəkildə dəyişərək bir sıra uğurlar qazanmanıza təkan verəcəkdir. Məsələn, bir şirniyyat olduğunuzu təsəvvür edin bir anlıq, sonra onun xəmirini, sonra da yaxşı alınsın deyə xəmirinə əlavə edilən maddələri, daha sonra sobanın əvvəlcədən müəyyən edilmiş istilik dərəcəsini. Sizcə sadalanalardan hər hansı biri əksik olsa, hazırlanmazmı o şirniyyat? Hazır olar əlbəttə, amma istədiyimiz kimi alınmaz. Ya dadı, ya qoxusu, ya da görünüşü qane etməz bizi. Bax, bizim bacarıqlarımız da şirniyyata əlavə olunanlar kimidir, yetərincə olması yüksəldər, olmaması isə əksildər bizi. Bacarıqlar da ya həyatımızın vanilidir, ya qabartma tozu, ya darçını, ya toz şəkəri, ya da lazım olan o istiliyin dərəcəsi. Müxtəlif kateqoriyaya bölünə bilən bu bacarıqlar universitet yolunun başlanğıcında da sizə bələdçilik etməklə sizin üçün ya yaxşı akademik nəticələr, ya da uğurlu tələbə həyatı qazandırmağa xidmət edəcəkdir. Odur ki, bu yola başlamazdan öncə qazanılması tövsiyə olunan 2 qrup bacarıq vardır: akademik bacarıqlar və praktiki həyat bacarıqları. Bəs nədir və nə üçün lazımdır onlar? Onları sadalamazdan öncə əminliklə deyə bilərəm ki, bu uğur ətirli bacarıqlara sahib olmağınız universitet həyatınızı müxtəlif baxımdan asanlaşdıracaq və sizə daha effektiv tələbə olmağınız üçün kömək olacaqdır. İndi isə gəlin sizlər üçün müxtəlif mənbələrdən araşdırıb bir araya gətirdiyim o bacarıqlarla tanış olaq.

Akademik Bacarıqlar

  1. Yazı bacarıqları

Demək olar ki, ixtisasından asılı olmayaraq bütün tələbələrin akademik göstəricilərinə birmənalı şəkildə təsir edən və sahib olunması zəruri olan ilk bacarıq güclü yazı üslubunun olmasıdır. Burada mən yazmağı bacarmaq, yəni cümlə quraraq onları əlaqəsiz şəkildə yanaşı gətirməyi nəzərdə tutmuram. İfadə etmək istədiyiniz fikri aydın, məntiqi ardıcıllıq əsasında, əlaqəli cümlələrlə, qrammatik və orfoqrafik cəhətdən səhvsiz yaza bilmək yazı bacarığı sayılır. Əgər şirniyyat nümunəsi ilə davam etsək, yazı bacarığını xəmirin əsasını təşkil edən un ilə müqayisə edə bilərik. Ən qabaqcıl universitetlərə müraciət edərkən belə tələbələrdə ən çox axtarılan bacarıqlardan ilkidir savadlı yazı bacarığı. Odur ki, məktəb illərində, aşağı sinifdən başlayaraq bu bacarığa önəm verməmiş və onun üzərində çalışmamışsınızsa, o zaman bu bacarığı inkişaf etdirməyə mütləq şəkildə universitet təhsilinə ən azı bir il qalmış başlamalısınız. Əgər xarici dildə təhsil almağı planlaşdırırsınızsa həmin dil üzrə də yazı bacarığınızı formalaşdırıb mütləq şəkildə inkişaf etdirməlisiniz. Bunun üçün təcrübəmə əsaslanaraq gündəlik kiçik cəhdlərlə yazı bacarığınızı necə inkişaf etdirə biləcəyinizə dair iki sadə üsul tövsiyə edə bilərəm. İlk öncə sevdiyiniz hər hansı bir əşyanızı götürün, məsələn. Sonra masanın üzərinə qoyub onu oxucu kütləsinə olduğu şəkildə çatdırmaq üçün əşyanı təsvir etməyə başlayın. Cümlələrinizə əlavələr, bədii detallar qatmağa da çalışın. Məqsədiniz o əşyanın oxucunun beynində olduğu kimi canlanması olmalıdır. Yazınızı bitirdikdən sonra əvvəlcə onu özünüz oxuyaraq həmin əşyanın təsəvvürünüzdə hansı dərəcədə canlandığını müəyyən etməyə çalışın və əlavələr etmək ehtiyacı hiss etdikdə edin. Daha sonra onu başqasına oxudaraq, onun təsəvvüründə nə canlandığını soruşun və həmin əşyanı göstərərək onun təsvirinə neçə faiz yaxınlaşdığınızı müəyyən edin. Yazılı təsvirinizi bu şəkildə bir neçə dəfə verilən rəylər əsasında təkmilləşdirin. İkinci tövsiyə olaraq, qeyd dəftəri və qələmi əvvəlcədən hazır etməklə sevdiyiniz bir mövzuda (elmi və məlumatverici olması şərtilə) bir sıra faktlarla dolu bir videoyaya baxa və ya sadəcə dinləyə bilərsiniz. Məsələn, astronomiya ilə yaxından maraqlanırsınızsa, bu sahəyə aid bir video seçib ona baxaraq qeydlərinizi götürün. Daha sonra həmin qeydlər əsasında eşitdiklərinizi yazı halına gətirib yazmağa başlayın, yekunlaşdırdıqdan sonra yazınızı oxuyaraq təkrar video ilə müqayisə edin. Bunun sayəsində siz ən azı üç bacarığınızı: dinləmə, qeyd götürmə və yazı bacarıqlarınızı inkişaf etdirmiş olacaqsınız. Söz bazanızın zəif olduğunu düşünürsünüzsə, əvvəlcə oxu vərdişlərinə yiyələnməlisiniz. Əgər sadalanan tövsiyələri gündəlik olaraq və ya sıxlıqla təkrar edib səhvləriniz üzərində işləsəniz, yazı bacarığınızın hiss olunacaq dərəcədə inkişafının şahidi olacaqsınız.

  1. Komandada birgə işləmək bacarığı

Təhsildən başlayaraq iş həyatına qədər uzanan yolun ən önəmli bacarıqlarından olan komandada işləmək əməkdaşlıq çərçivəsində hansısa bir işi yerinə yetirə bilməyi tələb edir. Yəni siz bir məqsəd uğrunda tək yox, birgə, adətən 5-6 nəfərlik qruplarda öz tələbə yoldaşlarınızla işləməli olacaqsınız, hətta bu sizin yola gedə bilmədiyiniz yoldaşlarınız olsa belə. Bu məqsədin isə hər kəs üçün eyni - yaxşı qiymət almaq - olacağını indidən sizə deyə bilərəm. Şirniyyatın içinə əlavə edilən 5-6 yumurtanın birlikdə çalınaraq şirniyyatın xəmirini kövrək etməsi kimi. Bunun üçün məktəbdən başlayaraq verilən tapşırıqları müzakirəli şəkildə bir neçə sinif yoldaşınızla birlikdə edə bilərsiniz. Hətta çox da yola gedə bilmədiyiniz sinif yoldaşlarınız da onların arasında olarsa, bu sizin bu bacarıq üzərində işləməyinizə daha çox kömək etmiş olar. Sözsüz ki, anlaşılmazlıqlar yaranacaq və hər kəs öz dediyinin üstündə duraraq onu ən doğru kimi qələmə verəcəkdir. Bu zaman siz öz fikrinizi sərt şəkildə çatdırmaq əvəzinə, yaranmış vəziyyətdən istifadə edərək yoldaşlarınızla necə ortaq məxrəcə gələ biləcəyiniz haqqında düşünün. Mübahisəsiz, onlarla razılaşmaqla, öz fikrinizi də əsaslandırın. Bu sizə gələcək rəqabətli təhsil mühitində fərqli insanlarla ortaq dil tapmaq üçün kömək olacaqdır. Əgər özünüzü çox daxilə qapanıq və aqressiv hesab edirsinizsə, komandalı idman oyunlarına da yazıla bilərsiniz.

  1. Kiçik həcmli akademik tədqiqat aparmaq və kitabxana resursları ilə işləyə bilmək

Universitetdən asılı olaraq onun kitabxana resursu dəyişsə də, günümüzdə bizə lazım bir çox elmi məlumatları internet üzərindən asanlıqla əldə edə bilirik. Bəs əgər bizə verilən hər hansı bir elmi mövzu üzrə araşdırma aparmaq lazımdırsa əvvəlcə nədən başlamalıyıq? Şirniyyatımız üçün əvvəlcədən müəyyən edilmiş istilik dərəcəsinə bənzəyir bu bacarıq. Yəni siz istiliyi necə düzgün müəyyən etməlisiniz ki, bütün dadlı maddələr qabarsın, üzə çıxsın?! Buna görə də sizə müəllimləriniz tərəfindən sərbəst mövzu seçimi tapşırıldıqda, əvvəlcə mövzu üzərində işləməli və sizə istədiyiniz araşdırmanı aparmaq imkanı verən, məlumat qıtlığı yaşamayacağınız mövzu üzərində dayanmalısınız. Bundan sonra tapdığınız bütün materialları bir yerdə toplamalı, tərcüməyə ehtiyac varsa etməli, hər birini ələdikdən sonra sizə lazım olacaq hissələri ayırmalı, qeydlərinizi apardıqdan sonra isə tədqiqat işinizi yazmağa başlaya bilərsiniz. Bu zaman yazı bacarıqlarınız da özünü göstərməlidir, belə ki, istilik düzgün müəyyən edilmiş olsa da, xəmirdən daha çox şey asılıdır. Yazınızın sonunda isə istifadə etdiyiniz mənbələri mütləq şəkildə göstərməlisiniz, yəni şirniyyatın reseptini hardan götürdüyünüzü.

  1. İnkişafa yönəlmiş tənqidi rəyləri qəbul etmək bacarığı

Şirniyyatla davam etsək, sizcə, bu bacarığı onun hansı maddəsinə bənzətmək olar? Qabartma tozuna, sözsüz ki. Sadaladığımız şirniyyat qatqılarından yalnız onun çoxunun ziyanı yoxdur, yəni nə qədər çox olarsa, şirniyyat bir o qədər də qalxar. Universitet yolunda dərs alacağınız hər bir professordan eşidəcəyiniz tənqid kimi. Onların sayının çox olacağı qorxutmasın sizi, əksinə sizi qabardıb üzə çıxaracaq o tənqidləri indidən sevin və qəbul edin. Daha sonra isə onların əsasında öz üzərinizdə işləmək bacarığını yaratmağın yollarını axtarın.

  1. Texnologiya ilə səriştəli davranış

Yəni bir sözlə, şirniyyatın bütün maddələrini düzgün ardıcıllıqla əlavə edib qarışdırmaq bacarığı. Təbii ki, texnologiya günümüzün önəmli hissəsini əhatə etdiyi kimi təhsilinizdə də müxtəlif formalarda sizinlə olacaqdır. Burada nəzərdə tutulan sizin müxtəlif proqramlar üzrə “master” olmaq bacarığınız deyil, təhsilinizin başlanğıcında sizə lazım olacaq texnoloji vasitələrdən səriştəli istifadə qaydalarıdır. Bu bacarıqlara əsasən online platformalarla tanışlıq, elektron məktublardan istifadə, onların düzgün yazılma forması, sənəd tipli fayllarda yazı yazmaq və ya onun üzərində qeydlər aparıb yaddaşda saxlamaq, təqdimatların hazırlanması və s. aiddir. Əgər hələ də bunları sınaqdan keçirməmisinizə, elə indi başlaya bilərsiniz. İndi isə keçid alaq praktik bacarıqlara.

Praktiki həyat bacarıqları

1. Ünsiyyət

Elə universitet qapısına yenicə ayaq açmaqla başlayan bu bacarıq bir çox gələcək uğurlarınızın da açarı ola bilər. Gələcək yoldaşlarınızla ilkin tanışlıqdan tutmuş, kimdənsə kömək istəmək və ya məsləhət almaq, başqaları ilə yola gedə bilmək, professorlara necə yaxınlaşmaq, hansısa mövzu üzrə təqdimat etməyə qədər sizinlə olmalıdır bu bacarıq. Universitet həyatınız boyu müxtəlif sosial və akademik mühitdə bir çox yeni insanlar tanıyacaqsınız, onlarla ünsiyyət qura bilmək isə sizin sosiallaşmağınıza yalnız kömək edə bilər. Əgər insanlarla ünsiyyət qurmaqdan çəkinirsinizsə, kimə nə sual verəcəyinizi əvvəlcədən düşünə bilərsiniz. Özünüzü necə təqdim edəcəyinizə isə hər zaman hazır olmalısınız.

2. Büdcənin idarə olunması

Sizə verilən aylıq büdcəni düzgün şəkildə xərcləmək bir tələbə kimi maddi sıxıntıdan əziyyət çəkməyəcəyiniz deməkdir. Bunun üçün dərs vəsaitləri, nəqliyyat, geyim, yemək, kafe, ayrı yaşadığınız təqdirdə isə ev xərclərinə nə qədər aylıq məbləğ lazım olduğunu müəyyən edib o məbləğ ilə davam etməli olacaqsınız. Təsəvvür edin ki, bütün pulunuzu xərcləmisiniz, özünüz isə acsınız. Bu vəziyyətə düşməmək üçün xərclərinizi gündəlik olaraq yaza bilərsiniz.

3. Vaxtın düzgün idarə edilməsi

Gündəlik dərslərdə iştirak, tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də sosial layihələrdə səmərəli iştirak edə bilmək üçün vaxtın düzgün şəkildə və stressiz idarə olunması çox önəmlidir. Hələ tələbə olaraq yarımgünlük iş rejimində işləməyi də planlaşdırırsınızsa, bu daha da böyük önəm kəsb edəcək. Verilən tapşırıqları, gedəcək yerlərinizi və son tarixləri unutmamağınız üçün onları gündəlik olaraq yaza və kalendarınızda qeyd edə bilərsiniz.

4. Prioritetləşdirmə bacarığı

Bu, cari vaxtda sizə nəyin daha vacib olduğunu müəyyən etmək bacarığıdır. Həm yaxşı akademik göstəricilərə sahib olmaq, həm idmanla məşğul olmaq, həm marağınıza uyğun yeni məşğuliyyətlər qazanmaq, həm yeni dil öyrənmək, həm də heç bir tədbirdən geri qalmamaq istəyiniz varsa, indidən deyə bilərəm ki, istəklərinizin hamısını eyni anda yerinə yetirməniz mümkün olmayacaq. Bunun üçün öz limitinizi bilməli, istəklərinizdən hansının daha vacib olduğunu müəyyən edib onlardan başlamalısınız. Bu bacarıq sizə imtahanlara hazırlıq ərəfəsində də lazım olacaq, belə ki, hansı imtahana daha öncə, yaxud daha çox hazırlaşmalı olduğunuzu və hər bir hazırlıq üçün nə qədər vaxt sərf edəcəyinizi bu bacarıq sayəsində müəyyən edə bilərsiniz.

5. Müstəqil yaşaya bilmək bacarığı

Bu son bacarıq, əlavələrlə birlikdə yuxarıda sadalananların ümumi yekunudur, demək olar ki. Daha çox isə çox gənc yaşında tək yaşayaraq təhsil alacaq və müstəqilliyi həqiqətən dadacaq tələbələrə aid edə bilərik bunu. Özünü motivasiya, sərbəst və məsuliyyətli şəkildə dərslərə hazırlıq da bu bacarığın bir hissəsidir. Müstəqil yaşamağı bacaran bütün tələbələr ailədən maddi asılılığı minimuma endirir, dərslərinə heç kimin basqısı olmadan, məsuliyyətli şəkildə yanaşır, limitini müəyyən edə bilir, eləcə də sosiallaşır, yeni dostlar qazanır, özünü inkişaf etdirir, bir sözlə, təhsil alaraq böyüyür. Fikir və bacarıqları da özü ilə birgə böyüyür.

Təhsil alacağınız ölkə və ixtisasınızdan asılı olaraq bu siyahıya saysız əlavələr etmək mümkün olsa da, düzgün istifadə edə bilsəniz ümumilikdə bu 10 bacarıq universitet yolunda sizin əsl bələdçiniz olacaqdır. Onu da əlavə edim ki, sadalanan bu bacarıqların hər biri top universitetlərin tələbə qəbulu heyəti tərəfindən də tələbələrdə axtardıqları ən vacib bacarıqlar sırasındadır. Təhsilə qarşı müsbət yanaşma isə ən böyük şərtdir, o olmazsa şirniyyat olmaq istəyi də olmazdı içinizdə. Hazırsınızsa, hansı şirniyyat olmaq istədiyinizi seçin o zaman.

Bu yolda sizə sonsuz uğurlar!

Sizin üçün maraqlı ola bilər