İmtahan öncəsi stresin öhdəsindən gələ bilmək və hətta ondan faydalanmaq üçün 7 məsləhət

İmtahanlar (xüsusilə də buraxılış imtahanları) ciddi bir sınaqdır. Və demək olar ki, hər zaman hər hansı bir yol ilə öhdəsindən gəlməli olduğunuz bir stresdir. Çünki qısamüddətli stresə hələ dözmək mümkündür, lakin demək olar ki, bir il boyunca davam edən stresə dözmək artıq çətin olur.

Stresin səbəbləri çoxdur. Biz meqapolisdə yaşayırıq və ətrafımızda olan hər şey – metro, tıxaclar, insan izdihamı, səs-küy – narahatlıq üçün bir səbəbdir. Bütün bunlara imtahan qorxusunu, ilk sevgi həyəcanını, müəllimlər və ya valideynlər tərəfindən tənqid atəşini də əlavə etsək, stresin yaranması üçün bütün əsasları almış oluruq. Lakin bununla belə, stres faydalı da ola bilər.

  1. Stres zamanı beyniniz daha yaxşı işləyir, çünki neyronlar (sinir hüceyrələri) arasında əlaqə daha da möhkəmlənir.
  2. Stres immunitetinizi gücləndirir. Lakin qeyd edək ki, stres xroniki xarakter daşıdıqda, orqanizminizin ondan müdafiə gücü, əksinə, zəifləyir.
  3. Stres psixikamız və emosiyalarımız üçün özünəməxsus bir trenajordur.
  4. Stres bizim motivasiyamızı yüksəldir. Bu, eleustres – həyəcan və refleksiya üçün vaxtın olmaması ilə keçən faydalı stres – adlanır. Burada bütün daxili resurslarınız problemin aradan qaldırılmasına və nəticəyə nail olmağa sərf edilir.


İmtahan öncəsi yaranmış stresin öhdəsindən necə gəlməli

Streslə mübarizənin çətinliyi onun hər insanda özünü fərqli cür büruzə verməsi səbəbindən yaranır, buna görə də hər insan onun öhdəsindən özünə uyğun şəkildə gələ bilir. İmtahan öncəsi stresə qarşı sehrli bir dərman yoxdur, lakin onu daha asan yaşamaq üçün bir neçə üsul mövcuddur.

1. Ən yaxşısına ümid et və ən yaxşısına hazırlaş. "İmtahanı verməsəm dəhşət olacaq", "valideynlərim çox məyus olacaq", "elə pis hazırlaşmışam ki, məndə dəqiq heç nə alınmayacaq" kimi fikirlərə köklənmə. Bu ifadələri dəhşətli yuxu kimi təcili unutmaq lazımdır. Və daha pozitiv düşünməyə başla, çünki hər şey daxili köklənməndən başlayır. Hər şeyin öhdəsindən gələcəyini düşünürsənsə, elə də olacaq. Özünə tez-tez "nəticəyə nail olmaq üçün maksimum səy göstərirəm, hər şey mütləq alınacaq" sözlərini de. Mütləq özünü hətta ən xırda uğurlarına görə tərifləməyi unutma (dünən yalnız 15 tapşırıq həll edirdim, bu gün isə artıq on altıcını da həll edə bilirəm).

2. İmtahan obrazı yarat. Həyəcandan özündə sıfıra bölməyin mümkün olub-olmadığını unutmaq ehtimalını azaltmaq üçün imtahan vəziyyətini mümkün qədər dəqiq yaratmağa çalış. Fikrində X gününü addım-addım yaşa: kabinetə daxil olursan, parta arxasına əyləşirsən, içində materiallar olan qovluğu açırsan və sair. İmtahan haqqında təsəvvürlərin nə qədər dəqiq olarsa, həmin məsuliyyət dolu gündə də daha az panika yaranar.

3. Sınaq imtahanlarını yaz. Bu, mükəmməl məşqdir. Olimpiya çempionu bir anda olimpiadaya keçid alıb qızıl medal qazanmır. Əvvəlcə o, vilayət, regional və ümumrusiya yarışlarında iştirak edir. Təsəvvür et ki, imtahan özünəməxsus bir olimpiadadır, sınaq imtahanları isə daha asan yarışda iştirak edib lazımi təcrübə qazanmaq üçün bir fürsətdir.

4. Dincəl. Bir neçə aydır ki, dostlarınla görüşmürsən? Günün 24 saatı əzbərləyirsən? "Məktəbə-məktəbdən" marşrutundan başqa küçəyə çıxmırsan? İşlər pisdir və bunu təcili düzəltmək lazımdır! Bizim sinir sistemimiz daimi mühərrik deyil və orqanizmimiz sadəcə olaraq istirahət tələb edir. Yeri gəlmişkən, xatırlayırsınızsa, istirahət fəaliyyətin dəyişdirilməsidir. Daha aktiv bir fəaliyyətə keç – xizək, üzgüçülük, rəqs, idman zalı. Bu, sənə enerji toplamağa kömək edəcək. Dörd divar arasında kompüter arxasında oynamaq elə də yaxşı ideya deyil, beyinə oksigen, bədənə isə fiziki aktivlik lazımdır.

5. Yaradıcılıqla məşğul ol. Bəli, məhz yaradıcılıq streslə mübarizənin ən effektiv üsullarından biridir. Əbəs yerə deyil ki, bir çox məşhur rəssamlar və ya yazıçılar öz şah əsərlərini onlar üçün heç də sakit olmayan dövrlərdə yaradıblar. Çoxdandır ki, rəsm çəkmək, şeir yazmaq, mahnı ifa etməyi və ya rəqs etməyi öyrənmək istəyirdin? Həftədə bir neçə saatını bu cür fəaliyyətə sərf etməkdən çəkinmə, bu sənin üçün yalnız faydalı olacaq.

6. Sağlam qida və tam yuxu. Həyatının stresli anlarında tərkibində kofein olan içkilərdən istifadə etməməyə çalış, sürətli karbohidratlardan imtina et (bulkalar, südlü və ya ağ şokolad, peçenye, çipslər və digər təamları sonraya saxalayaq). Qidada daha çox zülallardan istifadə et, ziyanlı şirniyyatları isə bal və çərəzlərlə əvəz et. Hafizə və diqqət sənə minnətdar olacaqlar! Yeri gəlmişkən, hafizə üçün yunan yoqurtu, çərəzlər, avokado, balıq, qarağat və darçın çox faydalıdır. Belə ki, əlindəki konspekti öyrənərkən bu məhsullardan biri ilə qəlyanaltı edə bilərsən.

7. Emosiyalarını saxlama. Sən axı robot deyilsən, eləmi? Həyəcan isə insanlara xas olan bir şeydir, bu səbəbdən də özünə qapanıb heç kimin səni anlamağını düşünmək lazım deyil. Mütləq səni anlayıb dəstəkləyəcəklər. Emosional görünməkdən çəkinmə, nə üçün həyəcanlandığının səbəbi ilə, imtahanda məhz nədən qorxduğunla yaxınlarınla bölüş.

(C) Mariya Zaytseva

Sizin üçün maraqlı ola bilər